Natiq Şixseyidov

Baş Direktor

Natiq Şixseyidov

16 il təcrübə

Natiq Şixseyidov

Draftsman MMC-nin təsisçisi və Baş direktoru

Mən, Natiq Şixseyidov, 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. İlk təhsil həyatına Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə başlamışam. Daha sonra təhsilimi Azərbaycan Respublikasının Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli tam orta məktəbdə davam etdirərək orta təhsilimi başa vurmuşam.

2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn fakültəsinə qəbul olmuşam. Universitetdə təhsil aldığım illərdə interyer dizaynı və reklam sahəsində çalışaraq nəzəri biliklərimi real layihələr üzərində tətbiq etməyə və peşəkar təcrübə toplamağa başlamışam. Dörd illik təhsil müddətində dizayn sahəsində qazandığım praktiki təcrübə gələcək peşəkar fəaliyyətimin əsasını formalaşdırıb.

Universitetin ikinci kursundan etibarən Həmkarlar Təşkilatının sədri kimi fəaliyyət göstərmişəm. Bu müddətdə universitetdaxili və dövlət səviyyəli müxtəlif tədbirlərin təşkili, koordinasiyası və idarə olunmasında iştirak etmişəm. Tələbəlik illərində qazandığım təşkilatçılıq, komanda işi və idarəetmə təcrübəsi gələcək rəhbərlik fəaliyyətimin formalaşmasında mühüm rol oynayıb.

2009-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn fakültəsini “İnteryer və avadanlıqlar” ixtisası üzrə bitirərək bakalavr dərəcəsi almışam.

Ali təhsilimi başa vurduqdan sonra 2009–2010-cu illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişəm.

Hərbi xidmətdən sonra peşəkar əmək fəaliyyətimi müxtəlif şirkətlərdə və fərqli istiqamətlərdə davam etdirmişəm. Karyeram ərzində mühəndislik, tikinti, anbar və logistika proseslərinin idarə olunması, mobil rabitə infrastrukturu, texniki əməliyyatlar, SAP programı və korporativ biznes prosesləri üzrə geniş praktiki təcrübə qazanmışam.

Peşəkar fəaliyyətimin müxtəlif mərhələlərində 2011–2014-cü illərdə Piramida İnşaat LLC-də mühəndis və anbar rəhbəri, 2014–2016-cı illərdə Netframe LLC-də mühəndis və mobil rabitə qüllələri üzrə mütəxəssis, 2016–2017-ci illərdə Auto Service LLC-də mühəndis və mobil rabitə qüllələri üzrə mütəxəssis, 2017–2018-ci illərdə NESS CO. LLC-də SAP operatoru, 2018–2021-ci illərdə Star Consulting Group LLC-də SAP operatoru, 2021–2025-ci illərdə isə AZBA Audit and Business Services LTD-də SAP operatoru vəzifəsində çalışmışam.

Bu illər ərzində yalnız idarəetmə və dizayn sahəsində deyil, tikinti və texniki işlərin praktiki icrasında da bilavasitə iştirak etmişəm. Anbar komplekslərinin və yeraltı tunellərin tikintisində, montaj işlərində, yükqaldırıcı kranlarla həyata keçirilən əməliyyatlarda və müxtəlif texniki proseslərdə iştirak edərək praktiki təcrübə qazanmışam.

Peşəkar inkişafımda əməyin təhlükəsizliyi və fövqəladə hallara hazırlıq da xüsusi yer tutub. 2014 və 2017-ci illərdə Defensive Driving (təhlükəsiz sürücülük), Basic Fire Fighting (ilkin yanğınsöndürmə), First Aid & CPR (ilk tibbi yardım və ürək-ağciyər reanimasiyası) istiqamətləri üzrə təlimləri uğurla başa vurmuşam.

Fəaliyyət göstərdiyim şirkətlərdə müxtəlif peşəkar kollektivlər və idarəetmə komandaları ilə birlikdə irimiqyaslı layihələrin həyata keçirilməsində iştirak etmiş, əldə olunan nəticələrə öz töhfəmi vermişəm. Hər bir iş yeri, hər bir vəzifə və hər bir layihə mənə yeni bilik, yeni yanaşma və fərqli idarəçilik təcrübəsi qazandırıb.

Bütün bu illər ərzində hansı şirkətdə və hansı vəzifədə çalışmağımdan asılı olmayaraq, dizayn, memarlıq və quruculuq sahəsi ilə əlaqəmi heç vaxt kəsməmişəm. Əksinə, əsas əmək fəaliyyətimlə paralel olaraq dizayn sahəsində çalışmağa, biliklərimi artırmağa və praktiki təcrübəmi inkişaf etdirməyə davam etmişəm.

Dizayn mənim üçün sadəcə ali təhsil aldığım bir ixtisas olmayıb. O, bütün peşəkar həyatım boyunca mənimlə birlikdə inkişaf edən, düşüncə tərzimi, yaradıcılıq yanaşmamı və gördüyüm işlərə baxışımı formalaşdıran əsas peşə istiqamətim olub.

İllər ərzində mühəndislikdən tikintiyə, texniki proseslərdən korporativ sistemlərə, sahədə praktiki fəaliyyətdən idarəetməyə qədər keçdiyim bütün mərhələlər məni yenidən öz əsas peşəmə — dizayn və quruculuq sahəsinə gətirib.

Ancaq bu dəfə yalnız dizayner kimi deyil, tikintini, istehsalatı, logistikanı, texniki təhlükəsizliyi, komanda idarəçiliyini və sahədə görülən işlərin praktiki tərəfini yaxından tanıyan bir rəhbər kimi öz peşəmə qayıtmışam.

Bu gün Draftsman MMC-nin təsisçisi və Baş direktoru olaraq peşəkar komandamla birlikdə dizayn, layihələndirmə, tikinti və təmir, qutu və yumşaq mebel istehsalı, dəmir işləri və təmizlik xidmətlərini vahid şirkət strukturu altında birləşdirərək, bu istiqamətlər üzrə kompleks və peşəkar fəaliyyət göstəririk.

Draftsman MMC-ni formalaşdırarkən əsas məqsədlərimdən biri müştərilərimizin müxtəlif xidmətlər üçün ayrı-ayrı icraçılara müraciət etmək məcburiyyətində qalmadığı, layihənin əsas mərhələlərinin vahid peşəkar komanda və vahid idarəetmə sistemi daxilində həyata keçirildiyi bir şirkət modeli yaratmaq olub.

Bu gün geriyə baxdıqda anlayıram ki, keçdiyim yolun hər bir mərhələsi bugünkü peşəkar baxışımın formalaşmasında öz rolunu oynayıb. Çalışdığım hər bir şirkət, tutduğum hər bir vəzifə, birlikdə işlədiyim hər bir kollektiv və iştirak etdiyim hər bir layihə mənə yeni bilik və təcrübə qazandırıb.

Mühəndislik mənə texniki düşünməyi, tikinti sahəsi icra prosesini yaxından tanımağı, logistika sistemli işləməyi, korporativ mühit məsuliyyət və intizamı, dizayn isə bütün bunları vahid ideya ətrafında birləşdirərək yaratmağı öyrədib.

Bütün bu illər ərzində qazandığım bilik, praktiki təcrübə və idarəçilik bacarıqlarımı bu gün Draftsman MMC-nin və onun peşəkar komandasının inkişafına yönəltmişəm.

Mənim üçün uğur yalnız müəyyən bir vəzifəyə və ya mövqeyə çatmaq deyil. Uğur illər ərzində qazandığın bilik və təcrübəni bir məqsəd ətrafında birləşdirərək dəyər yaratmaq, peşəkar komanda formalaşdırmaq və gördüyün işin arxasında məsuliyyətlə dayanmaqdır.

Keçdiyim hər bir peşəkar mərhələ bu gün qurduğumuz Draftsman komandasının formalaşmasına öz töhfəsini verib. Qarşıdakı əsas məqsədim isə qazandığımız təcrübəni daim inkişaf etdirərək Draftsman adını keyfiyyət, etibar, məsuliyyət və peşəkarlıqla assosiasiya olunan güclü bir brend kimi daha da irəli aparmaqdır.

Natiq Şixseyidov Draftsman MMC-nin təsisçisi və Baş direktoru

Layihənizi hesablayaq

Müraciət qoyun — ölçücü sizə uyğun vaxtda gələcək, ilkin hesablamanı isə bir iş günü ərzində alacaqsınız.

+994 50 519 12 12 Draftsmandizayn@gmail.com Bakı · istehsalat və şourum

Düyməni sıxmaqla məlumatların emalı siyasəti ilə razılaşırsınız.